Böyüklərimizin balacalığı | Korifeylərin uşaqlığı ağır olub – Real tarixçələr

Böyüklərimizin balacalığı | Korifeylərin uşaqlığı ağır olub – Real tarixçələr
  02 İyun 2017    Oxunub:28401
AzVision.az-növbəti yazısı Azərbaycan mədəniyyətində böyük izi olan dahilərin, tanınmış musiqiçilərin uşaqlıqlarına həsr olunub.

Yazımızda böyük sənətkarlarımızın uşaqlıq fotolarını onun həyatlarından kiçik xatirələrlə birgə təqdim etmişik.



İlk olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəyovun fotosundan başlayaq.



Üzeyir Hacıbəyovdan başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.



Bu isə Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi Müslüm Maqomayevin uşaqlığıdır.

Hələ kiçik yaşlarından hər şeylə maraqlanan Müslüm Maqomayev balaca olarkən böyük qardaşı Maqomedin fotoaparatını, bacısı Məryəmin isə qramofonu xarab edib. Sadəcə kiçik bir marağa görə,nə var, nə var bilmək istəyirmiş ki, şəkillərdəki adamlar, qramofondan səsi gələn müğənnilər haradadırlar.

Ataları Dəmirçi Məhəmməd bundan xəbər tutub, öz- özünə deyib: "deyəsən, uşaqlardan bircə Müslüm mənim yolumla gedəcək. İndidən döyəcləməyə başlayıb, dəmirçi olacaq. Gərək onu sabah emalatxanaya aparım ki, baxıb öyrənsin". Ancaq deyir sən saydığını say, gör fələk nə sayır.



Bu isə cəmi 23 il ömür sürən bəstəkarımız Asəf Zeynallıdır.

Balaca Asəf klarnetdə o qədər çalarmış kimi qonşular onun əlindən zara gələrmişlər. :”Ay Həsbənd,sənin oğlun bizdə dinclik qoymadı. Şər qarışandan gecə yarısınacan klarnet çalır. Çaldığı da əcaib-qəraib havalardı.Yenə muğamat filan olsaydı, dərd yarıydı”,-deyə şikayət edirmişlər. Anası isə cavabında: “ Neynəyim, qonşu,atasız uşaqdı. Ürəyi sınıqdı. Mən qarmon öyrətmişdim. Bənd olmadı. Bu musqidən ötrü dəli divanədir” -deyirmiş.



Azərbaycan müğәnnisi (mezzo-soprano), Azәrbaycan SSR Xalq Artisti Fatma Muxtarovanın uşaqlığıdır.

Atasını erkən itirən balaca Fatma ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində "Katya" adı ilə qarmonun müşayiəti altında oxuyub, təlxək və oyunbazlarla birlikdə çıxış edirmiş.

Həmin günləri Fatma xanım bir zamanlar belə xatırlayırdı:.

-Atam gözəl bariton səsli küçə müğənnisi idi. Soyuqdəymədən boğaz vərəminə tutulub 1901-ci ildə Rostovda 28 yaşında rəhmətə getdi. Səsini mənə miras qoydu, əvəzində uşaqlığımı, sevincimi əlimdən alıb apardı.

Anam əsil adımı gizlədirdi. Katya deyirdilər mənə. Qızmarda, sazaqda oxumaqdan səsim gizildəyirdi. Şaxtalı qış günlərində səsimi qorumaq üçün dəfi üzümə tutub oxuyurdum. Boğazımdan sıçrayan qan damlaları dəfin içərisində donub qalırdı.

Fatma Muxtarovanın qızı Leyla xanım :”Anamın sağ çiyni o birisindən bir az aşağı idi. Uşaqlıq illərindən şarmankanı zərif çiyinlərində gəzdirməkdən belə olmuşdu”.



Bu isə əsil adı Məmmədov Murtuza olan Bülbüldür.

Bu ad ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdi.
12 yaşı var imiş. Toylara gedəndə sevimli çəpişini də özü ilə aparırmış. Ona nə qədər desələrdə ki, ayıbdır, Murtuza, qoy qalsın evdə, razılaşmırmış. Artıq xanəndə olmasına baxmayaraq uşaq dəcəllikləri onu tərk etmirmiş.



İlk professional Azərbaycan qadın müğənnisi,SSRİ xalq artisti Şövkət Məmmədova.

Şövkət xanım ilk konsertini 13 yaşında verib. Beləki Qafqaz canişinin zövcəsi Vorontsova –Daşkova böyük konsert verirmiş. Ona həmin gecədə pianinoda çalmaq üşşün üsəlman qız lazım imiş.
İş elə gətirib ki, şövkət bu məclisdə pianinoçu kimi deyil, müğənni kimi çıxış edib. Hətta general oğlu Darab Mirzə ona ətirli, qızılgül dəstəsi bağışlayıb.



Azərbaycan klassik bəstəkarı, dirijor,Əfrasiyab Bədəlbəyli atasının xalasıoğlu Üzeyir bəy onlara gələndə Həmişə leyli və Məcnundan “Şəbi- hicran”ı oxuyurmuş. O qədər sürətlə oxuyurmuş ki, Üzeyir bəy uğuna –uğuna bu balaca şirin uşağa :”sən oxuduğun “Şəbi- dovşan oldu. Təsləsmə, dalınca atlı düşmür ki ?”, -deyərmiş. O yeganə uşaq olub ki, Üzeyir bəyin dizi üstündə oturub “Leyli və Məcnun”dan oxuyub.



Məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazi anadan olduğu gün haqqında belə nəql edib:
“Mən 1911 ci il avqustun 20-də Tiflisdə Qolovinski prospektindəki bir mamaçanın müştərilərini gecəsi 10 manat qızl pula saxladığı evində anadan olmuşam. Oğlum olub deyə atam səhərdən –axşamacan sağlığıma vururmuş. Məni qucağına almaq istəyəndə anam yalvarır ki, qadan alım ay Zülfüqar, usağı Həbib qardaşa ver, büdrəyib edərsən”.



Bu isə daha bir dahi bəstəkarımız- Fikrət Əmirovun uşaqlığıdır. Bacısı yaxşı Əmirova danışırmış ki, Fikrət Əmirov elə uşaqlıqdan yaman səliqəli imiş. Bir pencəyi 4-5 il elə geyərmiş ki, sanki, bu dəqiqə alınıb.



Bəstəkar Qara Qarayev istedadını lap körpə yaşından biruzə verib. Onun haqqında anası :”Qara onda lap balaca idi. Heç bir yaşı tamam olmamışdı. Küçədən keçən əsgərlər

İrəli Azərbaycan əsgəri oxuyurdular. Birdən Qara o melodiyanı oxumağa başladı. Bu hamımızı təəccübə salan hadisə oldu”.



Tarzən Əhməd Bakıxanov balaca olarkən hər gecə gecə yarıyadək tar çalarmış. Anası hər səhər ehmalca tarı oğlunun əlindən götürüb divardan asarmış.



Bəstəkar, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olan Səid Rüstəmovun rəssamləq məktəbindən yolu bir təsadüf nəticəsində musiqi məktəbinə düşür.
Bu təsadüfü qarşılaşma onun sonrakı taleyini təyin edir.





Bəstəkar, SSRİ Xalq Artisti Soltan Hacıbəyov 13 yaşı olarkən doğmaca atası qədər sevdiyi Üzeyir Hacıbəyovun portretini çəkib. Portreti iş otağından asan Üzeyir bəy balaca Soltanı doğmaca oğlu kimi sevirmiş.




Bu isə sevimli bəsətkarımız, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevdir.


Anası həmişə ona zaraftla deyərmiş ki, oğlu “Arora”nın yayılım atəşi açılanda doğulub. Tofiq Quliyev möhkəm siqaret çəkən olub. Həmişə də “Avrora” çəkirmiş .



Rəşid Behbudov balacalığdan gül-çiçək həvəskarı imiş. Qızılgül kolunun üstündə xüsusi ilə əsərmiş. Bir dərsdə gələndə, bir də gedəndə sayarmış ki, birdən kimsə dərər.



Bu isə sevimli müğənnimiz Şövkət Ələkbərovanın uşaqlığından bir xatirə fotosudur.



Tarzən Hacı Məmmədov hələ 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib.



Digər tarzənimiz Bəhram Mənsurov balaca vaxtı atası evdən bir yerə gedən kimi dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı.

Azərbaycan və sovet opera və estrada müğənnisi Müslüm Maqomayev də uşaq vaxtı babası kimi hər şeylə maraqlanırmış.



3 yaşı olarkən nəvə Müslüm Maqomayev babası Müslümün yadigar violonçelini sındırıb ki, görsün bunun içində kim var.



Zeynəb Xanlarovanın qardaşları onun oxumağına həmişə etiraz edirmişlər. Həmişə gözü yaşlı olan bu balaca qızı atası müdafiə edib :” Balam, qız mənim deyil? Mən istəyirəm oxusun. Bəlkə elə bizi də axırı ona görə tanıyacaqlar”,- deyərmiş.



Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə bir nömrəli musiqi məktəbinin ən çox danlanılan, dəcəl şagirdlərindən biri imiş.

Bir dəfə imtahanda Mendelsonun ikinci konsertini ayrı tonallıqda çalıb.
Ancaq müəllimləri bəyənməyib, ona cavabları belə olub :

“Hoqqabazlıqdan burada da əl çəkmirsən. Get təzən hazırlaş, gəl.
-Gəlib-eləmiyəcəm, -deyən Vaqifə müəllimlər anasının xətrinə 3 verib imtahandan keçirdiblər.



Xalq artisti, kaman ustası Habil Əliyev bu yaşlarında Ağdaş musiqi məktəbində təhsil alırdı.

Şahanə Rəhimli

Yazı hazırlanarkən ədəbiyyatşünas, yazıçı, millət vəkili Rafel Hüseynovun `Hamısı ulduz`kitabından yararlanılıb.





Teqlər:





Xəbər lenti